AZE | RUS | ENG |

Ermənistan XİN niyə Paşinyanı təkzib etdi?

Ermənistan XİN niyə Paşinyanı təkzib etdi?
Politoloqların fikrincə, təzyiqlərlə üzləşən erməni baş nazir sözlərinin yanlış olduğunu anlayıb

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda olarkən səsləndirdiyi sərsəm bəyanat birmənalı qarşılanmayıb. Azərbaycanın ciddi təzyiqindən sonra Ermənistanın Xarici İşlər Nazirliyi baş nazirin fikirlərinə korrektə xarakterli açıqlama ilə çıxış edib. Onların bəyanatına görə, guya Paşinyanın sözləri Azərbaycan tərəfindən düzgün anlaşılmayıb.
XİN-in açıqlamasından belə məlum olur ki, Paşinyan Qarabağın Ermənistana aid olduğunu söyləməyib və sadəcə, Ermənistan, Qarabağ və diaspor kontekstində erməni birliyindən danışıb. Maraqlıdır ki, ermənilərin xarici siyasət idarəsi Paşinyanın sərsəm bəyanatına elə o tərzdə düzəliş verməklə mövqe bildirib. Eyni zamanda, Ermənistan XİN verdiyi bu bəyanatı özünün internet səhifəsində bir neçə dəfə düzəliş edərək yayımlayıb. Ermənistan tərəfinin atdığı bu addım nədən xəbər verir və hansı səbəbdən XİN öz dövlət başçısının fikirlərini korrektə etmək məcburiyyətində qalıb? 
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altındakı ərazisi olan Xankəndidə verdiyi sərsəm bəyanatlar artıq onun özünün əleyhinə çevrilməyə başlayıb: "Hətta iş o yerə gəlib çatıb ki, Ermənistanın Xarici İşlər Nazirliyi öz rəhbərinin nitqinə korrektələr etmək məcburiyyətində qalıb. Paşinyanın münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların keçirilməsində maraqlı olduğu fonunu yaratdığı bir reallıqda, "Dağlıq Qarabağ Ermənistanındır” ifadəsini işlətməsi əslində danışıqlar prosesinə arxadan vurulmuş ağır zərbədir. Bu, eyni zamanda beynəlxalq hüquq və normaların prinsiplərini ayaq altına atıb tapdalamaqdan və ona həqarətlə yanaşmaqdan başqa bir şey deyil. Əgər Paşinyan "Dağlıq Qarabağ Ermənistanındır” deyirsə, bundan sonra hansı danışıqlardan söhbət gedə bilər? Ümumiyyətlə, bu danışıqların hansı mənası ola bilər? Hansı substantiv danışıqlardan söhbət gedə bilər ki, tərəflərdən biri işğal etdiyi Dağlıq Qarabağı öz ərazisinin tərkib hissəsi kimi qeyd edir? Heç şübhəsiz ki, Paşinyanın bu davranışı artıq özünü çıxılmaz vəziyyətə salıb. Hesab edirəm ki, indiki halda Ermənistanın Xarici İşlər Nazirliyinin Paşinyanın fikirlərinə düzəliş etməsi və guya onun sözünün düzgün anlaşılmadığını deməsi, baş nazirin bu mövqeyini ifadə edərkən əslində ümumerməni maraqlarından bəhs etmək istəməsi, sadəcə suallar yaradır. Hansı səbəbdən Xarici İşlər Nazirliyi öz rəhbərliyinin sərsəm bəyanatına korrektə etmək məcburiyyətində qalıb? Görünür ki, artıq Paşinyana müəyyən təzyiqlər başlayıb. Eləcə də ATƏT-in Minsk qrupu çərçivəsində təzyiqlər olub. İstisna deyil ki, həmsədrlər tərəfindən müxtəlif kanallarla Paşinyana müəyyən təpkilər edilib”.
 
E.Nəsirov xatırlatdı ki, son dəfə bu il iyulun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb: "Moskva və Vaşinqton görüşünün ardınca Ermənistan baş nazirinin belə bir absurd bəyanatla çıxış etməsi, heç şübhəsiz ki, bütün danışıqlar prosesinin perspektivlərinə kölgə salır, ümumiyyətlə, danışıqları mənasız edir. Yəni, Paşinyanın bu bəyanatından sonra hansı danışıqlardan söhbət gedə bilər? Bundan sonra dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar mənasını itirir. Danışıqlar mənasında itirəndə isə, onun alternativi aktuallaşır və təbii ki, bu da müharibədir. Əslində Paşinyanın bu mövqeyi nəticə etibarı ilə danışıqlar prosesinin dayandırılması və müharibənin başlanmasına siqnal kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu reallıq müəyyən beynəlxalq siyasi dairələrin ciddi narahatlığına səbəb olub və ona həmsədrlər tərəfindən təzyiqlər olub. Ona görə də öz sözünü geri götürmək Paşinyana ağır gəldiyi üçün xarici işlər nazirinə tapşırıb ki, onun mövqeyini yumşaldacaq korrektələr etsin”.
 
Politoloq Əhməd Əlili bildirdi ki, Paşinyan öz populist bəyanatları ilə çox məşhurdur: "Əvvəldən də bəlli idi ki, o, populist fiqurdur. Məhz onun belə olması kütlə qarşısında çox mühüm rol oynayıb. Ona görə də Paşinyan öz uğurlarını belə fikirlər üzərində qurub. Ümid var idi ki, Paşinyan hakimiyyətə gəldikdən və Qarabağ münaqişəsi ilə bağlı real həll variantını gördükdən sonra populizmdən əl çəkəcək. Bir dövr belə də oldu. Məsələn, bir ay əvvəl elan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ermənilərlə yanaşı, azərbaycanlıların da fikrini nəzərə almaq lazımdır. Amma indi görürük ki, Qarabağa gedəndə, müəyyən xal toplamaq üçün məcburi şəkildə bu cür bəyanatlar verir. Çünki Qarabağdakı mitinqə xeyli adam toplamağı Paşinyan özü üçün uğur hesab edir və oradakı ermənilərin simpatiyasını qazanmağa çalışır. Digər bir yandan, o, Koçaryanın sosial bazasını əl almaq məqsədini qarşıya qoyub. Paşinyan istəyir ki, Qarabağda keçiriləcək "seçkilər”də öz namizədini seçdirsin və tədricən Koçaryana qarşı simpatiyanı aradan qaldıra bilsin, onu neytrallaşdırsın”.
 
Ə.Əlili qeyd etdi ki, Paşinyan hakimiyyətə gələrkən verdiyi sözlərin bir qismini icra edə bilməyəcəyi bəlli idi: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addım atmadan bunu reallaşdırmaq mümkün deyil. Ona görə də Paşinyan məcburdur ki, ona loyal insanların loyallığını qoruyub saxlamaq üçün bu cür bəyanatlar versin. Unutmaq lazım deyil ki, son 4-5 ayda Ermənistan hərbi birləşmələri Azərbaycan-Ermənistan sərhədində aktivlik nümayiş etdirirlər. Bu, daha çox Azərbaycanı təxribata çəkməkdir. Ermənilər danışıqlar masasında olan həll variantından uzaqlaşmaq üçün Azərbaycan tərəfinin onlara cavab verməsini gözləyirlər. İstənilən iri hərbi toqquşma Paşinyana əldə olunmuş razılıqlardan imtina etmək üçün bir bəhanə yaradır. Bu da bir faktor ola bilər”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965